Azərbaycanda Belarus Mədəniyyəti Günləri
“Bu tədbirlər vasitəsilə
xalqlarımız bir-birinin musiqisi, mədəniyyəti, ədəbiyyatı,
sənət irsi ilə yaxından tanış olmaq imkanı əldə
edir”
İyunun 4-də Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanda
Belarus Respublikasının Mədəniyyət Günlərinin
açılış mərasimi keçirildi.
Mərasimdə
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev Belarusun mədəniyyət
nazirinin müavini Vasili Çernikin rəhbərliyi ilə
dost ölkənin nümayəndə heyətini salamladı.
Müxtəlif ölkələrdə qarşılıqlı
mədəniyyət günlərinin keçirilməsinin
artıq bir ənənə halını
aldığını deyən nazir müavini bildirdi ki, bu
çərçivədə keçirilən tədbirlər
zamanı xalqlar bir-birinin musiqisi, mədəniyyəti, ədəbiyyatı,
sənət irsi ilə yaxından tanış olmaq imkanı əldə
edir: “Bu gün Belarusun mədəniyyət günlərinin
başlanması ilə bağlı Azərbaycanın mədəni
həyatında növbəti əlamətdar hadisə baş
verir. İyunun 7-dək davam edəcək mədəniyyət
günləri ərzində bir neçə böyük tədbir
həyata keçiriləcək. Azərbaycan
tamaşaçıları Belarus Respublikasının incəsənət
ustalarının qala-konsertini dinləyəcək. İyunun
5-də Nizami Kino Mərkəzində Belarus filmlərinin
nümayişi başlanacaq. Həmin gün eyni zamanda belaruslu
rəssamların əsərlərindən ibarət «Belarus
Respublikasının həyat və təbiəti» fotosərgisi
açılacaq. Həmçinin Xaçmaz şəhərində
mədəniyyət günlərinin davamı olacaq. Daha sonra Mərdəkanda
Belarusdan gələn qonaqlarımız konsert proqramı ilə
çıxış edəcəklər”.
Nazir müavini vurğuladı ki,
Belarusla Azərbaycan arasında mədəni əlaqələrin
böyük tarixi var: “Bu münasibətlər həmişə
yüksələn xətlə inkişaf edib. İki ildən
bir qarşılıqlı mədəniyyət günləri
keçirilir. Ötən il Belarusda Azərbaycan Mədəniyyət
Günləri çox yüksək səviyyədə
gerçəkləşdi. Bu mədəni əlaqələrin
davamı kimi Belarus Böyük Akademik Opera və Balet
Teatrında dünya şöhrətli Azərbaycan bəstəkarı
Arif Məlikovun əsərləri, o cümlədən “Məhəbbət
əfsanəsi” baleti hazırda repertuardadır. Ölməz bəstəkarımız
Qara Qarayevin “Yeddi gözəl” əsəri üzərində
də Belarus Opera və Balet Teatrında yaradıcılıq
işləri gedir. Bu ilin noyabr-dekabr aylarında əsərin
premyerasının həm Belarusda, həm də Azərbaycanda
sənətsevərlərə təqdim olunması nəzərdə
tutulur”.
Belarus Respublikasının mədəniyyət
nazirinin müavini Vasili Çernik qeyd etdi ki, mədəniyyət
günləri eyni zamanda Azərbaycanla Belarus arasında
diplomatik əlaqələrin yaranmasının 20 illiyinə həsr
olunub. Onun sözlərinə görə, tədbirlərdə
çıxış etmək üçün özləri
ilə Bakıya ən yaxşı mədəniyyət və
incəsənət ustalarını gətiriblər: «Ümid
edirik ki, onların çıxışı Azərbaycan
tamaşaçılarının ürəyincə olacaq.
Belarusla Azərbaycan arasında mədəni əlaqələr
müvəffəqiyyətlə inkişaf edir.
Qarşılıqlı mədəniyyət günlərinin
keçirilməsi də bunu bir daha sübut edir. Ötən il
ölkəmizdə Azərbaycan Mədəniyyət Günləri
çərçivəsində təqdim edilən proqramlar
Belarus tamaşaçıları tərəfindən
böyük maraqla qarşılandı».
Rəsmi hissədən sonra tədbirin
bədii hissəsinə «Svyata» Belarus Dövlət Xalq
Ansamblının çıxışı ilə start verildi.
Belaruslu mədəniyyət və incəsənət
ustalarının rəngarəng və maraqlı
çıxışları tamaşaçılar tərəfindən
alqışlarla qarşılandı.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2013.- 5 iyun.-
S. 2.